AzərbaycancaРусскийEnglish
Qaynar xətt
+994 50 706-41-11
Zəng sifariş etmək
hotline@perevod.az
perevod.az


Tərcümə haqqında 6 mif

1 1 1 1 1 Reytinq 0.00 (0 Səs)

Tərcümə haqda bir çox yanlış fikirlər və miflər mövcuddur. Bu məqalədə keyfiyyətli tərcümə yerinə yetirmək üçün hansı amillərin lazım olduğunu aydınlaşdırmağa çalışacağıq.

Nə qədər ki dünyanın müxtəlif yerlərindən olan insanlar bir-birləri ilə ünsiyyətdə olublar, tərcüməçilərə həmişə ehtiyac duyulub. Dünya daraldığından və qlobalizasiya insanları daha sıx əlaqəyə gətirdiyindən tərcüməçilərə olan tələbat böyüdü və bununla bərabər tərcümə ilə bağlı müxtəlif yanlış fikirlər və miflər də çoxalmağa başladı. Tərcüməçinin ixtisaslaşdığı dilin böyük söz ehtiyatına malik olması və qrammatikasını bilməsi ilə iş bitmir. Bu sadəcə olaraq oturub lüğətlə mətni sözbəsöz tərcümə etmək qədər asan iş deyil.

Aşağıda tərcümə barədə ən çox rast gəlinən miflərin siyahısı təqdim olunur:

1) İki dildə danışan insanlar tərcümə etməyi bacarırlar
İnsanın ikidilli böyüməsi onu heç də təbiətcə tərcüməçi etmir. Sizin hər hansı iki dili yaxşı anlamağınız və ya o dillərdə səlis danışa bilməyiniz və hətta onların ikisinin də sizin doğma dilləriniz olması o demək deyil ki, siz bir gün sadəcə olaraq yuxudan durub keyfiyyətli İspan/İngilis dilləri üzrə tərcümə etməyə qərar verə bilərsiniz. Danışıq dili yazılı dildən fərqlənir və hər hansı bir dildə səlis danışan insanlar heç də həmişə bu dildə yaxşı yaza bilmirlər. Tərcüməçilik isə yalnız yazmağı bacarmaq deyil, burada tərcümə nəzəriyyəsini bilmək çox önəmlidir. Tərcümə edən şəxs tərcümə olunan dillərə xas olan məqamları və problemləri anlamalıdır. Tərcüməçi bilməlidir ki, orijinal mətnin mədəni elementlərinin tərcümə olunmuş versiyaya hansı hallarda ötürülməsi vacibdir və hansı hallarda bu əhəmiyyət kəsb etmir. Texniki mətnlər, hüquqi sənədlər, fəlsəfi yazılar və bədii ədəbiyyət tərcümə olunarkən fərqli yanaşmalar tətbiq olunmalıdır.

2) Tərcümə çox qısa zamanda yerinə yetirilə bilər
Tərcümə kifayət qədər çox vaxt aparan prosesdir. Tərcüməçilərin tərcümə materialını ani şəkildə asanlıqla tərcümə edə bilmələrini güman etmək ağılsızlıqdır. Həddindən çox insan düşünür ki, tərcümə tez bir şəkildə yerinə yetirilə bilən asan işdir, sanki tərcüməçi sadəcə olaraq İspan sözlərini İngilis sözləri ilə əvəz edir. Səriştəli makinaçı 3000 sözlük sənədi bir saat içində yazıb köçürə bilər. Lakin iş tərcüməyə gələndə, siz çox çətin ki, bir saata min söz yaza bilən insan tapa biləsiniz. Tərcüməçinin bir saat ərzində hasil edə biləcəyi sözlərin faktiki sayı üzərində işlədiyi mətnin növündən asılı olaraq dəyişə bilər. Lakin praktiki təcrübə göstərir ki, bu rəqəm günə təxminən 3000 söz təşkil edir. Müqayisə üçün bildirək ki,  bu məqalə (adı və altbaşlıqları daxil olmaqla) 1027 (orij. 1092) sözdən ibarətdir.
Yekun məhsulun orijinal iş kimi görünməsini təmin etmək üçün tərcüməçilər çoxlu vaxt sərf etməlidirlər. Onlar vaxtı aşağıdakılara sərf edirlər:

  • Sözlərin mənalarını, sinonimlərini, istifadə qaydalarını və s. axtarmağa
  • Konteksti, anlayışları, semantikanı, ikimənalılığı, mədəni təsirləri, ifadə qaydalarını və s. nəzərdən keçirməyə
  • Qrammatikanı, eləcə də punktuasiya və böyük hərflə yazma kimi qaydaları yoxlamağa və mətni redaktə etməyə.

3) Tərcüməçi hər iki istiqamətdə eyni dərəcədə yaxşı tərcümə edə bilər
Tərcüməçi həm İngilis dilindən İspan dilinə, həm İspan dilindən İngilis dilinə tərcümə etməyə prinsip etibarilə çalışmamalıdır.  Dünyada hər iki istiqamətdə tərcümə etməyi bacaran istedadlı tərcüməçilər olsa da, əksər tərcüməçilər əbəs yerə bir istiqamətlə məhdudlaşmırlar. Bu şosse deyil ki, hər iki istiqamətdə asan şəkildə hərəkət edilə bilsin. Tərcüməçinin əlavə dilləri nə dərəcədə yaxşı öyrənməsindən asılı olmayaraq, bir dil onda həmişə üstünlük təşkil edəcəkdir. Ümumilikdə tərcüməçinin öz əsas dilinə tərcümə etməsi daha məqsədəuyğundur. Öz əsas və ana dilinə tərcümə edən bacarıqlı və təcrübəli şəxs öz dilinin incə nyuanslarını dil daşıyıcısı olmayan şəxsdən daha yaxşı anlayacaqdır.

4) Tərcüməçi dili bilirsə istənilən şeyi tərcümə edə bilər
Təsadüfi deyil ki, insanlar hansısa bir sahədə ixtisaslaşırlar. Heç kəs bütün sahələrdə mütəxəssis ola bilməz. Tərcümə işi üçün dili bilmək əlbəttə ki, çox vacibdir, lakin dili başa düşmək heç də tərcüməçini bütün sahələrdə ekspert etmir. Hər hansı bir mövzuda tərcümə etməyi bacarmaq üçün tərcüməçi həmin sahə üzrə dərin biliklərə malik olmalıdır. Məsələn, tibb sahəsi üzrə tərcüməçilər böyük tibbi və bioloji söz ehtiyatına sahib olurlar və onların insan anatomiyasından və tibbi prosedurlardan yaxşı anlayışları olur. Nə barədə tərcümə etdiyini bilməyən tərcüməçi keyfiyyətsiz tərcümə etməyə məhkümdur.

5) Kompyuter tərcüməsi kifayət qədər etibarlıdır
Tərcümə proqramları müəyyən tapşırıqları yerinə yetirmək üçün faydalı olsalar da - məsələn, onlar oxuyucuya mətnin ümümi məğzini tutmağa kömək edirlər - onların etibarlı tərcümə vasitələri olmalarına hələ çox var. Kompyuter tərcüməsinin problemi ondan ibarətdir ki, proqram dil üzrə dərin biliklərə malik deyil. O ikimənalılığı anlamır, dildəki qanunauyğunsuzluqlarla necə işləməyi bilmir və yanlışlıqlara yol verməyə məhkumdur, çünki bir sözün müxtəlif mənaları ola bilər. İnsan tərcüməçi konteksti anlaya bilir və dili formalaşdırmağa kömək edən mədəniyyətdən yaxşı anlayışı olur.
Kompyuterlərin bəzi gülməli (və ya qorxulu) tərcümələr ortaya çıxarmaları hamıya məlumdur. Eyni sözü dırnaqarası tərcüməçilər haqda da söyləmək olar, hansılar ki əslində, sadəcə olaraq iki dildə danışa bilən insanlardır. Tərcümə edən şəxs bir gün İngilis dilində yazılmış aşağıdakı məzmunlu işarə görüb “No Vandalism - Violators will be prosecuted” (tərc. "Xuliqanlıq etmək olmaz - Qaydanı pozanlar məsuliyyətə cəlb olunacaqlar."). Bu yazının İspan dilində tərcüməsi belə bir şey bəyan edirdi: “Victims of rape will be prosecuted” ("Zorlama qurbanları məsuliyyətə cəlb olunacaqlar."). Yumşaq desək, bunu yaxşı tərcümə hesab etmək olmaz.

6) Yazılı tərcüməçilər şifahi tərcüməni, şifahi tərcüməçilər isə yazılı tərcüməni bacarırlar
Bu iki sahənin bir-birini əvəz edə bilən kimi görünməsinə baxmayaraq, yazılı və şifahi tərcümə arasında aydın fərq var. Yazmaq və danışmaq tamamilə fərqli anlayışlardır və bir bacarıq digərindən çox fərqlənir. Kiminsə bu sahələrin birində bacarıqlı olması o anlama gəlmir ki, həmin şəxs digərində də bacarıqlıdır.
Yazılı tərcümə işinin mahiyyəti, materialın mənbəyi başqa bir sənəd və ya nitq (audio tərcümə) olmasından asılı olmayaraq, onu mətn formasına tərcümə etməkdən ibarətdir. Tərcüməçilər yaxşı yaza bilməlidirlər və onların ixtisaslaşdıqları sahəyə uyğun texniki, yaradıcı, akademik və ya digər yazıçılıq formalarında təcrübəyə malik olmaları çox vacibdir. Tərcüməçi həmçinin oxuma və qavrama bacarıqlarına, eləcə də linqvistika biliklərinə, redaktə etməkdə və qrammatikada yüksək səriştəyə malik olmalıdırlar. Audio tərcümə ilə məşğul olan tərcüməçilərin dinləmə bacarıqlarının olması da çox vacibdir.
Şifahi tərcümə işinin mahiyyəti yekun tərcümə məhsulunu şifahi şəkildə təqdim etməkdən ibarətdir. Şifahi tərcüməçi İspan dilində danışan şəxsi dinləyir və eşitdiklərini İngilis dilində şifahi şəkildə ifadə edir. Şifahi tərcüməçiyə linqvistika və fonetika biliklərinə, eləcə də insanlar və mədəniyyətlərarası ünsiyyətdə təcrübəyə malik olmaq çox vacibdir. Şifahi tərcümə zehni cəhətdən çox yorucu ola bilər, çünki tərcüməçi danışan şəxsin dediklərini onun danışdığı andaca və ya dərhal sonra dəqiq şəkildə ifadə etməlidir. Lüğətdən istifadə etməyə və ya bəyanatı səliqəli şəkildə düzüb qoşmağa vaxt yoxdur. Dinləmə və qavrama bacarıqları, eləcə də insanlar qarşısında nitq söyləmə, səsləndirmə və diksiya bacarıqları, həmçinin qeyri-verbal ünsiyyət bilikləri şifahi tərcüməçiyə qoyulan mütləq tələbdir.

Müəllif: Jeff Noctis                                Mənbə: Free Articles from ArticlesFactory.com

Tərcümə Gold Stream şirkəti tərəfindən yerinə yetirilib

Sosial şəbəkələrdə paylaş:

Şərh vermək


Təhlükəsizlik şifrəsi
Yenilə